ABŞ İran neftinin satışına tətbiq edilən müvəqqəti ticarət güzəştini ləğv edib.
BBN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran neft məhsullarının müəyyən şərtlər altında satışına imkan verən ümumi lisenziyanın 7 iyul tarixindən etibarən qüvvədən düşdüyünü açıqlayıb.
Məlumata görə, qərar İranın son 24 saat ərzində Hörmüz boğazında gəmilərə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq qəbul edilib.
“İran yalnız konstruktiv addımlar atdığı halda bundan faydalana bilər. Hörmüz boğazında baş verən hadisələr ABŞ üçün tamamilə qəbuledilməzdir və bunun nəticələri olacaq. Bununla yanaşı, danışıqlar aparan nümayəndələr yekun razılaşmaya nail olmaq üçün səylərini davam etdirirlər”, – deyə rəsmi bildirib.
Yeni qərara əsasən, lisenziya 7 iyuldan etibarən qüvvədən düşür. Bununla belə, əvvəllər bağlanmış müqavilələr çərçivəsində başlanmış əməliyyatların 17 iyul tarixinədək yekunlaşdırılmasına icazə veriləcək.