
ABŞ Xəzinədarlığı 125 milyard dollarlıq istiqraz buraxmağa hazırlaşır.
BBN.az xəbər verir ki, ABŞ Xəzinədarlığı yaxın həftə ərzində ümumi dəyəri 125 milyard dollar olan üç istiqraz hərracı təşkil edəcək.
Rəsmi açıqlamaya əsasən, 10 noyabrda 58 milyard dollarlıq 3 illik, 12 noyabrda 42 milyard dollarlıq 10 illik və 13 noyabrda 25 milyard dollarlıq 30 illik istiqrazların yerləşdirilməsi nəzərdə tutulur.
Yeni buraxılışın nəticəsində 26,8 milyard dollar həcmində əlavə vəsait cəlb ediləcəyi bildirilir.
Xəzinədarlıq hesab edir ki, hazırkı hərrac həcmlərinin qorunması dövlət borcunun idarə edilməsində balanslı və çevik mövqenin saxlanmasına imkan yaradır.
Məlumatda o da qeyd olunur ki, borclanma tələblərinə uyğun olaraq, yaxın bir neçə rüb ərzində həm sabit faizli, həm də dəyişən faizli istiqrazların (FRN) buraxılış həcmləri dəyişdirilmədən qalacaq.




