
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökuməti ilə birgə kiçik və orta bizneslərin (KOB) potensialının gücləndirilməsi, onların “yaşıl maliyyə” və investisiyalara çıxış imkanlarının artırılması istiqamətində işlərini davam etdirir.
“Report” xəbər verir ki, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun ikinci günündə keçirilən panel müzakirəsində bildirib. Panelin mövzusu “Qlobal ‘yaşıl keçid’ diskursunda KOB-ların rolu: KOB-ların ‘yaşıl keçidi’ üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” olub.
Durrani-Camal qeyd edib ki, bu istiqamətlər Bakı İqlim Koalisiyası Bəyannaməsində öz əksini tapıb:
“Bu prosesdə KOBİA çox dəyərli rol oynayıb. Öhdəliklərin icrasını dəstəkləmək məqsədilə ADB və KOBİA artıq bir sıra konkret addımlar atıblar. Keçən il ‘yaşıl keçid’lə bağlı Anlaşma Memorandumu imzaladıq və bu sənəd Koalisiyaya dəstəyimizi təsdiqləyir.”
ADB nümayəndəsi əməkdaşlığın üç əsas istiqaməti əhatə etdiyini vurğulayıb:
-
KOB-ların “yaşıl təşəbbüs”lərinin həyata keçirilməsinə dəstək.
-
Onların institusional və texniki potensialının gücləndirilməsi.
-
“Yaşıl maliyyə”yə çıxışın asanlaşdırılması və KOB-ların inkişafı üçün normativ-hüquqi mühitin təkmilləşdirilməsi.
S.Durrani-Camal bildirib:
“Əminik ki, düzgün dəstək, tərəfdaşlıq və siyasət çərçivəsində KOB-lar təkcə iqtisadi dayanıqlılığın deyil, həm də bütün icmalar üçün daha dayanıqlı gələcəyin aparıcı qüvvəsinə çevrilə bilərlər.”







