A. Hüseynova Xocavəndin Tuğ, Hadrut kəndləri, Şuşanın Daşaltı kəndində turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparıldığını qeyd edib. Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya turist səfərlərindən söz açan A.Hüseynova bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.
Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının təmsilçiləri və bir sıra hotel və turizm şirkətlərinin nümayəndələri mövzu ətrafında müzakirələr aparıblar. Müzakirələrdə Şuşa ilə yanaşı, digər ərazilərə turların təşkil edilməsi, həmçinin Suqovuşan və digər istiqamətlərdə yeni turizm məhsullarının yaradılması, turistlərin xidmətlərə əlçatanlığının artırılması, dövlət-özəl tərəfdaşlığı modellərinin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.