
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.
Tədbirdə Konfederasiyanın, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, eləcə də Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi vurğulanıb.
Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK-in həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı sağlam rəqabət mühitinin formalaşmasına və tələbələrin daha yüksək nəticələr əldə etməsinə stimul verir.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq müasir təhsil sisteminin gənclərin bilik, bacarıq və yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, proqramın tələbələrin motivasiyasının artırılmasında mühüm rol oynayacağını qeyd edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Şahmar Rəfili isə tələbələrin həmkarlar ittifaqları sıralarında fəallığından və asudə vaxtın səmərəli təşkili istiqamətində görülən işlərdən danışıb.
Tədbir çərçivəsində AHİK-in həmkarlar ittifaqları sistemində apardığı islahatları və həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş olunub.
Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edilib.





