
Azərbaycanda mikro və kiçik bizneslərə çıxış əsasən kommersiya bankları vasitəsilə təmin olunur.
BBN.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyinin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov bildirib.
Onun sözlərinə görə, AİB 2023-cü ildə iri banklardan biri ilə milli valyutada kredit layihəsini təsdiqləyib və həmin vəsait mikro-bizneslərə, o cümlədən qadın sahibkarların rəhbərlik etdiyi bizneslərə yönəldilib. Bundan başqa, bank “TuranBank” və “Rabitəbank” ilə KOB-ların, xüsusən də sərhədlərarası əməliyyatlarının dəstəklənməsi istiqamətində əməkdaşlıq edir. Hər iki bank bu sahədə innovativ ticarət əməliyyatlarına görə AİB tərəfindən mükafatlandırılıb.
S.Şabanov qeyd edib ki, AİB Azərbaycanda yalnız maliyyələşdirmə ilə kifayətlənmir, eyni zamanda biznes mühitinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə işləyir:
“Biz qanunvericiliyin inkişafı, yeni maliyyə alətlərinin yaradılması, həmçinin ictimai-özəl tərəfdaşlıq mühitinin formalaşdırılması üzərində çalışırıq. Strateji investor kimi əsas məqsədimiz yerli bizneslərə, xüsusilə də KOB-lara fayda gətirməkdir”.
AİB həmçinin texniki yardım proqramları çərçivəsində qadınların biznesə çıxışını dəstəkləyir. Bu istiqamətdə “AccessBank” ilə həyata keçirilən layihə nəticəsində təxminən 30 qadın sahibkarlıq fəaliyyəti fayda əldə edib.






