
29 sentyabr 2025-ci il, Bakı – Maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Maliyyə Nazirliyinin məlumatına görə, nazir AİB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirib və kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin Azərbaycanın inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb. O, həmçinin bankın 2025–2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının icrasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Cari iqtisadi vəziyyət barədə danışan nazir qeyri-neft sektorunda əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, Bakı Metropoliteninin infrastruktur ehtiyaclarının maliyyələşdirilməsi, eləcə də dəmir yolu xətlərinin modernləşdirilməsi əsas prioritetlər kimi qeyd olunub.
B.Dasqupta isə Azərbaycan ilə AİB arasında əməkdaşlığın bütün sahələrdə, xüsusilə də özəl sektorun dəstəklənməsi istiqamətində daha da güclənəcəyinə inamını ifadə edib və uzunmüddətli tərəfdaşlıq prinsiplərinin davam etdiriləcəyini bildirib.
Görüşdə mövcud əməkdaşlıq, özəl sektorun inkişafı, bankın bu sahəyə mümkün dəstəyi, gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.




