4 dekabr tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Azərbaycan İnvestisiya Holdinqinin (AİH) və onun idarəetməsində olan dövlətə məxsus müəssisələrin korporativ idarəetmə icmalına dair Bakıda rəsmi tədbir keçirilib.
Tədbirdə dövlət rəsmiləri, AİH-in və onun idarəetməsində olan dövlətə məxsus müəssisələrin rəhbər şəxsləri, İƏİT-nin yüksək səviyyəli nümayəndə heyəti, beynəlxalq maliyyə institutları, tərəfdaş və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri, həmçinin İƏİT İşçi Qrupunun rəhbəri və eyni zamanda “Birləşmiş Krallığın Dövlət İnvestisiyaları” (UKGI) qurumunun baş icraçı direktoru Çarlz Donald iştirak edib.
Tədbir iştirakçıları icmalın nəticələrini müzakirə edərək, AİH-in və onun idarəetməsində olan dövlətə məxsus müəssisələrin idarəetmə təcrübələrinin “İƏİT-nin Dövlət Müəssisələrinin Korporativ İdarəetməsi üzrə Təlimatları”na uyğunluğunu qiymətləndirib.
Müzakirələr zamanı 2020-ci ildə yaradılan AİH-in idarəetməsində olan dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə üzrə mühüm irəliləyişlərin əldə edilməsi vurğulanıb, müzakirələrin davamında təkmilləşdirmə tələb edən əhatəli mülkiyyət siyasətinin hazırlanması və müstəqil idarə heyəti üzvlərinin təyin edilməsi kimi vacib məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. AİH-in idarəetməsində olan dövlətə məxsus müəssisələrdə fəaliyyət səmərəliliyinin artırılması, beləliklə xarici investisiyaların cəlb edilməsi və kapital bazarlarının inkişafı sahəsində səylərinin davam etdiriləcəyi xüsusi vurğulanıb.
Tədbir çərçivəsində korporativ davamlılıq, kapital bazarları və özəlləşdirmə mövzularını əhatə edən üç panel sessiyalar da keçirilib. Bundan əlavə, yenidən hazırlanmış “İƏİT-nin Dövlət Müəssisələrinin Korporativ İdarəetməsi üzrə Təlimatları”nın Azərbaycan dilində təqdimatı baş tutub. Yekunda AİH və İƏİT arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi barədə razılığa gəlinib.