Özünüməşğulluq proqramı üzrə ötən il daha 4 minədək qadın üçün kiçik biznes sahələri yaradılıb
Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır.
Bu istiqamətdə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ildə 16,3 min qadın münasib işlə təmin olunub, 2,4 min qadın üçün peşə hazırlığı kursları təşkil edilib.
Ötən il əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanlardan 317-si, ictimai işlər proqramına cəlb olunanlardan 3151-i qadınlar olub. Ümumilikdə isə hazırda haqqı ödənilən ictimai işlər proqramında 16 minədək qadın çalışır.
Özünüməşğulluq proqramı işsiz qadınların da kiçik sahibkarlığa çıxışına dəstək verilməsində mühüm önəm kəsb edir. Bu proqram üzrə ötən il daha 4 minədək qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb.
Eyni zamanda, Nazirlik və BMT-nin İnkişaf Proqramının birgə layihəsi üzrə əlilliyi olan qadınların da daxil olduğu 500 nəfər əlilliyi olan şəxs üçün kiçik bizneslər qurulur. Son illər Nazirliyin BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə layihəsi çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan qadınların məşğulluq imkanlarının artırılmasına dəstək göstərilib. Eləcə də ötən il Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə layihəsi üzrə 16 bölgədə 50-dək qadına icma əsaslı məktəbəqədər təhsil xidmətləri üzrə kiçik biznesə başlamaları üçün avadanlıqlar verilib.
Bir sıra qurumlarla əməkdaşlıqda, “Özünüməşğulluğa dəstək” layihəsi üzrə Şamaxıda uşaqlarını tək böyüdən və çoxuşaqlı analardan ibarət bir qrup qadına dərzilik fəaliyyəti ilə məşğul olmaq ucun avadanlıqlar da verilərək sosial müəssisə yaradılıb. Ümumilikdə son illər sosial tərəfdaşlarla birgə qadınların əmək bazarına, kiçik biznesə çıxışının dəstəklənməsi üçün digər bir sıra layihələr də icra olunub.
Həmçinin əmək qanunvericiliyində hamilə və ya 3 yaşına çatmamış, yaxud əlilliyi olan uşağı olan qadınlarla bağlı bir sıra güzəştlər və əlavə təminatlar müəyyən olunub.