

Dünyanın qabaqcıl iqtisadi güclərindən olan Almaniyanın iqtisadi artım proqnozları yenidən dəyişdirilib. Ölkənin İqtisadiyyat və Energetika Naziri Peter Altmaier telekanallardan birinə verdiyi müsahibədə, 2021-ci il üçün Almaniyanın iqtisadi artım gözləntilərinin 3.5% səviyyəsindən 2.6% səviyyəsinə endirildiyini açıqlayıb. Dövlət rəsmisi açıqlamasında, bununla belə bu göstəricinin Qərbi Avropa ölkələrinin ortalamasına nisbətdə yüksək mövqedə olduğunu bildirib.
Ölkə iqtisadiyyatının inkişafında proqnozların zəifləməsinin əsas səbəbi kimi, koronavirus pandemiyasının təsirləri göstərilsə də, ölkədə siyasi partiyanın dəyişməsi, neft qiymətlərində artım, tədarük zəncirində axsamalar və Bundesbankın rəhbərinin dəyişilməsi də səbəblər arasında yer alır.
Bununla belə, Altmaier 2022-ci il üçün artım proqnozlarında koronavirusun təsirinin səngiyəcəyini və 3.6%-lik artım proqnozunun 4%-ə qədər çatacağını vurğulayıb.
Məlumat üçün qeyd edək ki, 2021-ci ilin birinci rübündə Almaniya iqtisadiyyatı 2% kiçilsə də, ikinci rübdə istehsalın qismən də olsa canlanması ilə 1.6%-lik artıma nail olunub.