
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə də pul siyasətinin əsas məqsədinin illik inflyasiyanı 4±2% hədəf diapazonunda saxlamaq olacağını açıqlayıb.
BBN.az xəbər verir ki, AMB-nin məlumatına görə, inflyasiya göstəricisi əvvəlki illərdə olduğu kimi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ay üzrə dəyişimi əsasında qiymətləndiriləcək.
Qurum bildirib ki, inflyasiyanın hədəf daxilində idarə olunması davamlı iqtisadi artım, əhalinin və biznes subyektlərinin gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Sabit və aşağı inflyasiya milli valyutaya inamı gücləndirir, iqtisadiyyatın xarici şoklara davamlılığını artırır.
AMB-nin proqnozlarına əsasən, 2026-cı ildə illik inflyasiya 5,7% səviyyəsində gözlənilir ki, bu da müəyyən edilmiş hədəf diapazonuna uyğundur. Hökumətin, beynəlxalq maliyyə institutlarının və reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə əsasən bu intervalda qalacağını göstərir.
Qeyd olunub ki, inflyasiya proqnozları rüblük əsasda yenilənəcək, əhali və biznes subyektləri arasında sorğular vasitəsilə inflyasiya gözləntilərinin monitorinqi davam etdiriləcək.
AMB daxili və xarici riskləri nəzərə alaraq pul siyasəti qərarlarını çevik şəkildə qəbul edəcəyini bildirib. Xarici risklər əsasən idxal qiymətləri, qlobal ticarət mühitindəki qeyri-müəyyənliklər və geosiyasi gərginliklərlə bağlıdır. Daxili risklər isə daha çox istehsal və xərc amilləri ilə əlaqələndirilir.
Məlumata görə, 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabının təxminən 3 milyard ABŞ dolları profisitlə (ÜDM-in 3,7%-i) bağlanacağı gözlənilir ki, bu da valyuta bazarında sabitliyi dəstəkləyəcək.
AMB növbəti ildə də məzənnə sabitliyini qiymət sabitliyinin əsas lövbəri kimi qoruyacaq, valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun idarə olunmasını davam etdirəcək.
Pul siyasətinin effektivliyinin artırılması məqsədilə model və proqnozlaşdırma imkanlarının təkmilləşdirilməsi, böyük verilənlər və maşın öyrənməsi yanaşmalarından daha geniş istifadə planlaşdırılır. Eyni zamanda, pul siyasəti üzrə kommunikasiya fəaliyyətləri genişləndiriləcək və ictimaiyyət üçün müntəzəm analitik icmallar açıqlanacaq.







