Azərbaycan Mərkəzi Bankı (AMB) “AniPay” ödəniş sisteminin gələcək inkişafını müəyyən edəcək yeni strategiya hazırlayır. Bu barədə AMB-nin sədr müavini Vüsal Xəlilov açıqlamasını bildirib.
O qeyd edib ki, Ani Ödəniş Sistemi normal fəaliyyət göstərir və banklarla inteqrasiya genişlənməkdədir. Hazırda strategiya çərçivəsində “AniPay”ın veb və mobil tətbiq versiyalarının fəaliyyəti ilə bağlı qərarlar veriləcək.
Vüsal Xəlilov əlavə edib ki, hazırda mobil və veb platformaların istifadəçi sayı kifayət qədər olmadığından bu məsələ Mərkəzi Bank üçün prioritet deyil. Lakin gələcəkdə ictimai tələb artarsa və ya bank sektorunun ehtiyacları dəyişərsə, əlavə tədbirlər görülə bilər.
Qeyd edək ki, “AniPay”ın veb və mobil tətbiq versiyalarında yay aylarından məhdudiyyətlər mövcuddur və yeni istifadəçi qeydiyyatı müvəqqəti dayandırılıb. Məhdudiyyətlər xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün aparılan texniki işlərlə əlaqədardır.