
Azərbaycanda kreditin dərinliyi “benchmark” ölkələri ilə müqayisədə aşağıdır — AMB rəsmisi
Bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.
Onun sözlərinə görə, ölkədə ümumi kredit portfeli 30 milyard manat, istehlak kreditləri isə 9,3 milyard manat təşkil edir. İstehlak kreditlərinin ÜDM-ə nisbəti 7-8% arasında dəyişir ki, bu da “benchmark” ölkələrlə müqayisədə aşağıdır və kreditlərin artım potensialının mövcud olduğunu göstərir.
Ataxan Həsənov əlavə edib ki, Mərkəzi Bank kreditləşmənin, xüsusilə də əhalinin borclanmasının, gəlirlərə mütənasib və məsuliyyətli şəkildə həyata keçirilməsini təmin etmək üçün prudensial siyasət və qanunvericilik çərçivəsini formalaşdırır. Bu çərçivədə əhalinin borclanmasının sağlam və riskli olmaması üçün aylıq borc yükü gəlirin müəyyən faizi ilə məhdudlaşdırılır.
2019-cu ildən etibarən aylıq borc yükü gəlirin 45%-ni keçdikdə banklara əlavə ehtiyat tələbləri qoyulurdu, 2022-ci ildən isə bu hədd 70%-ə qaldırılıb. Bu tənzimləmələr izafi borclanma risklərinin qarşısını almağa yönəlib.
AMB-nin təhlillərinə görə, son illərdə Azərbaycanda problemli kreditlərin həcmi aşağı səviyyədədir və əhalinin borclanması sağlam prinsiplərə əsaslanır.







