Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd monetar şəraitin sərtləşdirilməsi ilə məcmu tələbin izafi artımının məhdudlaşdırılması olmuşdur.
Banklar avqust ayından başlayaraq məcburi ehtiyatları yeni normalarla saxlamağa başlamışlar ki, bununla da manatla təqribən əlavə olaraq 350 mln. manat həcmində izafi vəsait sterilizasiya edilmişdir.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
“Eyni zamanda bank sistemində likvidliyi tənzimləmək üçün müxtəlif müddətli notlarla müntəzəm hərraclar davam etdirilir. Ümumilikdə, Mərkəzi Bank 8 ayda 93 müxtəlif müddətli not hərracı keçirmişdir. Faiz dəhlizinə dair qərarlar və likvidliyin dəyişimi pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələrinə təsir edir. 8 ayda banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri (xüsusən də 1D AZIR və 1W AINAIB indeksləri) faiz dəhlizinin dəyişiminə reaksiya vermişlər. Aparılmış təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Ümumilikdə, monetar şəraitin sərtləşdirilməsi bank sektorunda milli valyutada depozitlərin artımını dəstəkləməklə yanaşı de-dollarlaşma prosesinə töhfə verməkdədir.” – deyə açıqlamada qeyd edilib.