
Azərbaycan Mərkəzi Bankında ölkədə fəaliyyət göstərən kommersiya banklarının strateji hədəfləri müzakirə edilib.
Bu barədə AMB-nin sədri Taleh Kazımov “LinkedIn” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, qurumda kommersiya banklarının rəhbərləri ilə 2026-cı ilin ilk görüşü keçirilib. Görüş çərçivəsində bank sektorunun 2025-ci il üzrə fəaliyyətinin yekunları, inkişaf perspektivləri, eləcə də maliyyə sabitliyinə təsir göstərə biləcək əsas struktur və mövcud çağırışlar müzakirə olunub.
Sədr qeyd edib ki, müzakirələr zamanı sektorun dayanıqlılığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin dərinləşdirilməsi və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, cari il üzrə strateji hədəflər, tənzimləmə və nəzarət mexanizmlərinin daha da gücləndirilməsi ilə bağlı prioritet istiqamətlər də diqqət mərkəzində olub.




