
Bu ilin I yarısında Azərbaycanda tikinti sektorunun payı artıb.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik “Maliyyə Sabitliyi hesabatı”nda qeyd olunub.
Hesabata əsasən, 2025-ci ilin ilk altı ayında tikinti sektorunun nominal ÜDM-i 12,4% artıb, sektorda ümumi daxili məhsuldakı pay isə 0,5 faiz bəndi yüksələrək 6,3%-ə çatıb.
AMB bildirir ki, bu artım əsasən investisiya axınlarının bərpası, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası, eləcə də Bakı və ətraf bölgələrdə genişmiqyaslı tikinti layihələrinin həyata keçirilməsi ilə əlaqədardır. Daşınmaz əmlak bazarında yüksək tələbin qalması da bu prosesə təsir göstərib.
Hesabatda vurğulanır ki, ilin əvvəlində tikinti sektorunda aktivlik nisbətən zəif olsa da, sonrakı aylarda artım müşahidə edilib və göstəricilər 2024-cü ilin eyni dövrünü üstələyib. Ümumilikdə, son illərdə tikinti sektorunun həm nominal ÜDM həcmi, həm də iqtisadiyyatda payı artmaqda davam edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–iyun aylarında əsas kapitala 8 milyard 73,5 milyon manat həcmində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.
Bu vəsaitin:
-
4 milyard 67,9 milyon manatı (50,4%) məhsul istehsalı sahələrinə,
-
2 milyard 672 milyon manatı (33,1%) xidmət sahələrinə,
-
1 milyard 333,6 milyon manatı (16,5%) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumilikdə, əsas kapitala yönəldilən investisiyaların 75,2%-i (6 milyard 70 milyon manat) daxili mənbələr hesabına formalaşıb, bu investisiyaların 78,2%-i (6 milyard 314,3 milyon manat) isə birbaşa tikinti-quraşdırma işlərinə yönəldilib.







