“2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12%, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub”.
BBN.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.
“Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80%-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib”, – deyə o qeyd edib.
Eyni zamanda icraçı direktor əlavə edib ki, Azərbaycanda təsərrüfat subyektlərdə quraşdırılmış POS-terminallarla aparılan hər 4 əməliyyatdan biri “ApplePay” və “GooglePay” vasitəsilə həyata keçirilir: “Ötən ilin sonuna tokenlə aparılan ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,5 dəfə artıb”.
Onun sözlərinə əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) əsas strateji hədəflərindən biri ölkədə rəqabətli ödəniş ekosisteminin formalaşdırılmasıdır: “Ödəniş sektoru üzrə digər başlıca strateji hədəflərimiz ödəniş sistemlərinin əlçatanlığının artırılması, bununla da ödəniş nöqteyi nəzərdən maliyyə inklüzivliyinin genişləndirilməsi, ödəniş əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsi və adekvat tənzimləmə çərçivəsinin formalaşdırılmasıdır”, – deyə Fərid Osmanov sözlərinə əlavə edib.
Report