
Azərbaycanda mənzil qiymətləri son beş ildə 46% artıb.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik “Maliyyə Sabitliyi hesabatı” nda məlumat verilib.
Hesabata görə, 2020-ci ilin iyun ayı ilə müqayisədə həm ilkin, həm də təkrar mənzil bazarında qiymətlər 46% yüksəlib və artım tendensiyası bu ilin birinci yarısında da davam edib.
AMB bildirir ki, pandemiya dövründə (2020-ci ildə) daşınmaz əmlak bazarında qiymətlər nisbətən sabit qalsa da, sonrakı illərdə artım meylləri güclənib.
Sənədə əsasən, bu ilin ilk altı ayında tikinti sektoruna yönəldilən investisiyalar dəyişkənlik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlərin həcmi və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artıb. Bu artım həm bazar tələbinin yüksəlməsi, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrin genişlənməsi ilə izah olunur.
AMB-nin qiymətləndirməsinə görə, investisiya axınlarının bərpası, ölkədə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, eləcə də Prezident sərəncamı ilə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi yaxın dövrlərdə tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalmasına şərait yaradacaq.







