
Azərbaycanda maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlardan gözlənilən bacarıqlar gələcəkdə əsaslı şəkildə transformasiyaya uğrayacaq və daha mürəkkəb forma alacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Gülər Paşayeva “Banklar forumu və sərgisi” çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırkı dövrdə iqtisadiyyat və maliyyə sahəsində intensiv dəyişikliklər müşahidə olunur və bu proses yeni kompetensiyaların formalaşdırılmasını zəruri edir.
G.Paşayeva qeyd edib ki, artıq yalnız ənənəvi rəqəmsal biliklər kifayət etmir: “Bu gün maliyyə sektorunda çalışan və gələcəkdə bu sahədə fəaliyyət göstərəcək mütəxəssislər üçün süni intellekt, e-ticarət, data analitikası kimi istiqamətlər üzrə biliklər, həmçinin tənqidi düşüncə, yaradıcılıq və dəyişən mühitə adaptasiya bacarıqları xüsusi önəm daşıyır”.
O əlavə edib ki, gənclərin işə müraciət formalarında da bu dəyişikliklər artıq hiss olunur. Əgər əvvəllər əsasən Microsoft Office proqramlarını bilməklə bağlı məlumatlar qeyd olunurdusa, hazırda süni intellekt və analitika üzrə biliklər, eləcə də müxtəlif beynəlxalq və milli sertifikatlar daha çox ön plana çıxır.
AMB rəsmisi vurğulayıb ki, yalnız nəzəri biliklər kifayət etmir və gənclərin erkən mərhələdə iş mühitinə qoşulması mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, tələbələrin universitet illərindən etibarən dövlət və ya özəl sektorda praktiki təcrübə əldə etməsi öyrəndikləri bilikləri real iş proseslərində tətbiq etməyə imkan yaradır.




