
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BBN.az xəbər verir ki, bu haqda AMB-nın rəhbəri Taleh Kazımov özünün LinkedIn platformasında paylaşım edib.
Görüşdə Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumat Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırılıb. Görüş zamanı maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar,həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində Qazaxıstan Respublikasının təcrübəsi müzakirə olunub. Görüş qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.







