
Azərbaycanda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Qurum bildirib ki, 2025-ci ildə pul siyasəti üzrə qərarlar makroiqtisadi proqnozlar, inflyasiyanın risk amillərində baş verən dəyişikliklər, valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər nəzərə alınmaqla qəbul edilib.
Məlumata görə, il ərzində faiz dəhlizinin parametrləri əvvəlcədən müəyyən olunmuş qrafik üzrə 8 dəfə müzakirə edilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin pul siyasətinə həsr olunmuş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2 iclasında isə azaldılması barədə qərar qəbul olunub.
Nəticədə, cari il ərzində pul siyasəti yumşaldılıb. Belə ki:
-
Uçot dərəcəsi 7,25 %-dən 6,75 %-ə,
-
Faiz dəhlizinin yuxarı həddi 8,25 %-dən 7,75 %-ə,
-
Faiz dəhlizinin aşağı həddi isə 6,25 %-dən 5,75 %-ə endirilib.
AMB qeyd edib ki, mövcud faiz səviyyələri iqtisadi aktivliyin dəstəklənməsi və qiymət sabitliyinin qorunması baxımından neytral səviyyəyə yaxın hesab olunur.





