
Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi (sandbox) çərçivəsində 4 innovativ maliyyə məhsulunun sınaqdan keçirilməsini planlaşdırır.
Bildirilib ki, ümumilikdə daxil olmuş 14 müraciətin qiymətləndirilməsi nəticəsində 4 məhsul məhdud şərtlərlə sınaqdan keçirilmək üçün uyğun hesab edilib. Seçilmiş məhsullar aşağıdakılardır:
-
“Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İslam bankçılığı çərçivəsində təqdim edilən “Murabaha” məhsulu;
-
“Rabitəbank” ASC tərəfindən İslam bankçılığı çərçivəsində təqdim edilən “Mudaraba” və “Murabaha” məhsulları;
-
“PAŞA Sığorta” ASC-nin təqdim etdiyi könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması xidməti;
-
“BİTAZN” MMC-nin təqdim etdiyi “BİTAZN” kriptovalyuta birjası.
Qeyd olunub ki, bu məhsullar AMB-nin nəzarəti altında 6 ay müddətində sınaqdan keçiriləcək.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi innovativ maliyyə xidmət və məhsullarının bazara çıxarılmasını təşviq etməklə yanaşı, ölkədə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin istifadəçilər üçün maliyyə xidmətlərinin təhlükəsizliyinin və əlçatanlığının yüksəldilməsinə xidmət edir.
Xüsusi tənzimləmə rejimi və sınaqdan keçirilən məhsullar barədə ətraflı məlumat AMB-nin rəsmi sandbox reyestrində yer alır.




