
“Anthropic” Çinin süni intellekt şirkətlərinin rəqib texnologiyaların imkanlarını artırmaq üçün AI modellərindən qanunsuz şəkildə istifadə etdiyini açıqlayıb.
BBN.az xəbər verir ki, şirkətin məlumatına görə,”DeepSeek”, “MiniMax” və “Moonshot” minlərlə saxta hesab yaradaraq Anthropic-in Claude modelləri ilə 16 milyondan çox əməliyyat həyata keçirib. Bildirilir ki, bu addım xidmət şərtlərinin pozulması deməkdir.
“Anthropic” qeyd edib ki, şirkətlər daha güclü süni intellekt sistemlərinin verdiyi nəticələrdən öz modellərini öyrətmək üçün faydalanırlar. Bu üsul isə onların texnologiyanı daha sürətlə inkişaf etdirməsinə imkan yaradır.
Qeyd edək ki, “OpenAI” bu ayın əvvəlində ABŞ qanunvericilərinə müraciət edərək DeepSeek-in ABŞ laboratoriyalarının hazırladığı texnologiyalardan istifadə etməyə çalışdığını bildirib. ABŞ administrasiyasının süni intellekt üzrə məsul şəxsləri də bu vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
“Anthropic” bazar ertəsi yayımladığı bloq yazısında bildirib ki, bu cür fəaliyyətlərin miqyası və mürəkkəbliyi getdikcə artır və problemin artıq təkcə bir şirkət və ya regionla məhdudlaşmadığını vurğulayıb.
“DeepSeek”, “MiniMax” və “Moonshot” şirkətləri isə mövzu ilə bağlı sorğulara cavab verməyiblər.





