Aqrar Sığorta Fondunun əməkdaşları fermerlərə müxtəlif məhsulların sığorta şərtləri, sığorta hadisələri, hadisə baş verdikdə zərərin ödənilməsi prosesi barədə məlumat veriblər.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Masallı və Neftçala rayonlarında keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin qurumları, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin birgə tərəfdaşlığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında bu sahə ilə məşğul olan özəl toxumçular, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkalarında Azərbaycanda əkin sahələri və təsərrüfatların sığortalanması ilə məşğul olan Aqrar Sığorta Fondu da iştirak edib.
Fondun Cəlilabad regional filialının əməkdaşları festivalda fermerlərə və ziyarətçilərə aqrar sığorta, onun üstünlükləri, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, aqrar sığorta mexanizmi bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalayır. Hazırda aqrar sığorta vasitəsilə 48 növ bitki məhsulunu, eləcə də südlük və ətlik malqara-, xırdabuynuzlu heyvanları çoxsaylı risklərdən sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondunun əməkdaşları fermerlərə müxtəlif məhsulların sığorta şərtləri, sığorta hadisələri, hadisə baş verdikdə zərərin ödənilməsi prosesi barədə məlumat veriblər.
Masallı rayonunda Toxum sərgi-satış yarmarkası çərçivəsində “Respublika Toxumçularının II Forumu” keçirilib. Forumda Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, “Azərbaycan Toxumçular Assosiasiyası”, eləcə də “Agro Dairy”, Azərsun” və “Region Agro” şirkətlərinin mütəxəssisləri çıxış ediblər.
Qeyd edək ki, Neftçala rayonunda keçirilən Aqrar Biznes Festivalında “Şirvan-Salyan iqtisadi rayonunun aqrar potensialının inkişaf perspektivləri”nə dair panel müzakirə də keçirilib.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ildə 8 rayonda toxum sərgi-satış yarmarkası keçirilib. Növbəti toxum sərgi-satış yarmarkalarının Balakən, Qax, Cəlilabad, Beyləqan və Şabran rayonlarında da keçirilməsi nəzərdə tutulur.