Aqrar Sığorta Fondu tərəfindən indiyədək baş vermiş yanğın hadisəsi üzrə ödənişlər edilib
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi kənd təsərrüfatı əkinlərini və təsərrüfatları digər risklərlə yanaşı, yanğından da qoruyur.
Bu barədə Cəlilabadda yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə bildirilib.
Müşavirəni giriş sözü ilə açan başçının birinci müavini Qalib Xudaverdiyev rayon ərazisində yanğına qarşı tədbirlərin həyata keçirildiyini, eyni zamanda yanğın təhlükəsizliyi sahəsində nöqsanların olduğunu qeyd edib.
İcra hakimiyyəti başçısının müavini tövlələrin çardaq hissəsində otun açıq və ya kipləşdirilmiş şəkildə yığılması, taxıl sahələrində biçindən əvvəl və ya sonra bilərək və yaxud ehtiyatsızlıqdan yanğın hadisələrinin baş verdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədə Aqrar Sığorta Fondunun Cənub Regional filialının rəhbəri Rafət Əsgərov bildirib ki, Aqrar Sığorta Fondu əkin sahələri və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edir. Yanğın hadisəsi də sığorta olunan risklər sırasındadır.
Filial rəhbəri taxıl sahələrində baş vermiş yanğın hadisələrinin dövlət tərəfindən sığortalandığını vurğulayıb. Onun sözlərinə görə, qaydalara əsasən əkin sahəsində hər hansı hadisə, o cümlədən yanğın baş verərsə, fermer Fonda müraciət edir. Bu müraciət əsasında yanğın baş vermiş sahəyə mütəxəssislər tərəfindən baxış keçirilir, dəymiş zərər hesablanır və sahəyə dəymiş ziyan qanuna uyğun qaydada fermerə ödənilir.
Qeyd edək ki, aqrar sığorta mexanizmi əkin sahələri ilə yanaşı, heyvandarlıq təsərrüfatlarını da yanğın hallarından qoruyur və bu hallarla bağlı çoxsaylı ödənişlər edilib.
Belə ki, bir neçə ay əvvəl Biləsuvarda taxıl sahəsində baş verən yanğın hadisəsi üzrə ödənişlər edilib. Hətta yanğının söndürülməsi zamanı digər sahəyə texnikaların daxil olması nəticəsində dəyən zərər üzrə də vətəndaşa ödəniş edilib.
Müşavirədə dənli və texniki bitkilərin yığılması, yanğın hadisələrinin baş verməməsi üçün nəzarətin gücləndirilməsi, həmçinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yanğından mühafizə tədbirlərinin keçirilməsi vacib sayılıb.
Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov qeyd edib ki, baş verə biləcək yanğının qarşısını almaq üçün meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalı, taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməlidir.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) nümayəndəsi Mübariz Nadirov yay mövsümündə yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini bildirib.
Müşavirədə kənd təsərrüfatı texnikalarının yanğına qarşı hazırlanması, ilkin yağınsöndürmə vasitələri ilə təmin edilməsi və məhsul yığımında iştirak edən texnikanın hamısı biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməsi, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılması barədə tapşırıqlar verilib.