Aqrar Xidmətlər Agentliyi tərəfindən fiziki və hüquqi şəxslərə məxsus anbarlarda fumiqasiya tədbirləri davam etdirilir

Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən respublikanın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində sahibkarların müraciəti əsasında fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir.

Belə ki, 2020-ci ilin mart – aprel aylarında Fumiqasiya Mərkəzi tərəfindən 20162.08 ton-dənli, dənli- paxlalı bitkilərin məhsulları, yemlər, 28974.5 m3 meşə materialı, 800 m3 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.

Qeyd edək ki, zərərsizləşdirmə (fumiqasiya) tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.. Yüksək toksiki maddələr olduğuna görə qeyri dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir

Zərərvericilərlə sirayətlənmiş istehsal və saxlanma yerlərindəki məhsulun çəkisi azalır, keyfiyyəti aşağı düşür, toxumların cücərmə faizi azalır, məhsul müxtəlif mikroflora ilə çirklənir. Zədələnmiş məhsulda kif göbələkləri məskunlaşır, bu tip göbələklər zərərli konserogen maddələr ifraz edir. Belə məhsulları nə  qida, nə yem nə də toxum kimi istifadə etmək olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır