Tədbirdə atmosfer havasının mühafizəsi, bu sahədə qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.
“Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə atmosfer havasının mühafizəsi sahəsində sahibkarların maarifləndirilməsi məqsədilə görüş keçirilib.
ETSN-nin müvafiq qurumlarının iştirakı ilə təşkil olunan tədbirdə sənaye və ictimai-iaşə (restoran, şadlıq evi) sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.
Tədbirdə atmosfer havasının mühafizəsi, bu sahədə qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.
KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə çıxış edərək fikirlərini bölüşüb, eyni zamanda Nazirliyin mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hüquqi və fiziki şəxslər atmosferə atılan tullantıların qarşısını almalı, onların zərərsizləşdirilməsi təmin olunmalı, az tullantılı və tullantısız texnologiyalar tətbiq edilməli, bu sahədə normativlərə əməl olunmalıdır. Həmçinin sahibkarların diqqətinə çatdırılıb ki, sənaye və ictimai iaşə obyektlərində qaz-toz tutucu qurğuların quraşdırılması, bu qurğulara mütəmadi texniki xidmətin göstərilməsi və filtrlərin təmizlənməsi, atmosferə atılan tullantılarla bağlı uçot və hesabatın aparılması, məlumatların regional ekologiya və təbii sərvətər idarəsinə təqdim edilməsi vacibdir.
Görüş çərçivəsində biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.