
Avrasiya İnkişaf Bankı (EDB) islam maliyyəsi məhsullarının inkişafını nəzərdə tutur. BBN.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Nikolay Podquzov EDB-nin 2025-ci il üzrə yekun mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bank daha əvvəl Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlik açıb. N.Podquzov qeyd edib ki, bu addım GCC (Körfəz Əməkdaşlıq Şurası) ölkələrinin, Asiya və Afrika regionlarının kapital bazarlarına strateji çıxış imkanları yaradır.
EDB rəhbəri bildirib ki, Fars körfəzi regionundan illik 500 milyon ABŞ dollarına qədər maliyyə axınının cəlb edilməsi hədəflənir. Bu isə maliyyələşdirmə mənbələrinin şaxələndirilməsinə və islam maliyyəsi məhsullarının inkişafına şərait yaradacaq.
Bununla yanaşı, nümayəndəliyin fəaliyyəti bankın müştəri və tərəfdaşlarına ixtisaslaşmış dəstəyin göstərilməsinə, tənzimləyici qurumlar, dövlət strukturları və investorlarla münasibətlərin möhkəmləndirilməsi üçün birbaşa qarşılıqlı əlaqə imkanlarının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu addım ADB brendinin tanınmasının artırılmasına və bankın qlobal maliyyə icmasındakı mövqeyinin güclənməsinə imkan verəcək.






