
Avropa İttifaqı “WhatsApp”da süni intellektə çıxışın məhdudlaşdırılmasını araşdırır.
BBN.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası “Meta” şirkətinə məxsus “WhatsApp” tətbiqində digər süni intellekt təminatçılarının çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı aparılan araşdırma çərçivəsində irəli sürülən ittihamları əhatə edən rəsmi etiraz bildirişinin göndərildiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, Avropa İttifaqı “Meta”nın üçüncü tərəf süni intellekt köməkçilərinin “WhatsApp” vasitəsilə istifadəçilərə çıxışını və onlarla qarşılıqlı əlaqəsini əngəlləməklə Avropa İttifaqının rəqabət qaydalarını pozduğuna dair ilkin qənaətə malikdir. Bildirilib ki, “Meta”nın bu davranışı rəqiblərin sürətlə böyüyən süni intellekt köməkçiləri bazarına daxil olmasını və ya fəaliyyətlərini genişləndirməsini əngəlləmək riski yaradır.
Açıqlamada, Avropa İttifaqı Komissiyasının “Meta”nın cavab vermək və müdafiə hüquqlarını qorumaq imkanları saxlanılmaqla, sözügedən siyasət dəyişikliyinin bazarda ciddi və sonradan aradan qaldırılması mümkün olmayan zərərlərə yol açmasının qarşısını almaq məqsədilə “müvəqqəti tədbirlər” tətbiq etməyi planlaşdırdığı bildirilib.
Məlumatda xatırladılıb ki, “Meta” 15 oktyabr 2025-ci il tarixində “WhatsApp” tətbiqində yeniləmə elan edərək üçüncü tərəfə məxsus ümumi təyinatlı süni intellekt köməkçilərinin istifadəsini faktiki olaraq qadağan edib. Qeyd olunub ki, 15 yanvar 2026-cı ildən etibarən “WhatsApp” üzərindən istifadə edilə bilən yeganə süni intellekt köməkçisi “Meta”nın öz aləti olan “Meta AI” olub və rəqib həllər prosesdən kənarda saxlanılıb.
Komissiya bu cür araşdırmalar çərçivəsində bazarda rəqabətə zidd vəziyyətin mövcud olub-olmadığını qiymətləndirir.





