Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2022-ci ilin mart ayı üçün Avropanın avtomobil bazarı göstəricilərini açıqlayıb. Hesabatda əsas gözəçarpan məqam avtomobil satışlarının ötən ilin mart ayına (1.06 milyon) nisbətdə 20%-dən çox geriləyərək 844 min 187 səviyyəsinə enməsidir. Qeyd edək ki, satışlarda geriləmə yanvar (-6.0%) və fevral (-6.7%) aylarında da cüzi hiss edilsə də, mart ayında (-20.7%) kəskin azalma başlayıb.
Avropa Birliyinə daxil olan bütün ölkələrdə avtomobil satışlarında ikirəqəmli faizdə geriləmə qeydə alınsa da, İtaliya (-29.7%) və İspaniya (-30.2%) bazarlarında vəziyyət daha kritikdir. Ümumilikdə azalmanın əsas səbəbləri kimi isə, Rusiya-Ukrayna münaqişələri və çip istehsalının tələbi ödəyə bilməməsi göstərilib.
Satış həcmində ən kəskin azalma isə “Land Rover” brendində müşahidə olunub. Belə ki, 2021-cu ilin mart ayında 7 minə yaxın avtomobil satışı həyata keçirən şirkət cari ilin mart ayında cəmi 3 min 100 ədəd avtomobil sata bilib.