Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ildə Yaxın Şərqdə davam edən geosiyasi gərginliyin iqtisadi təsirlərini azaltmaq məqsədilə münaqişədən zərər görən ölkələrə 5 milyard avro həcmində maliyyə dəstəyi ayırmağı planlaşdırır.
Məlumata görə, AYİB tərəfindən həyata keçiriləcək xüsusi proqram həm birbaşa münaqişədən zərər çəkən ölkələri, həm də dolayı təsirlərlə üzləşən qonşu dövlətləri əhatə edəcək. Qeyd olunur ki, qeyri-sabitlik fonunda ticarət marşrutlarının pozulması, enerji və xammal təchizatında problemlər, investor etimadının azalması və əhali üçün artan maliyyə yükü artıq bir sıra ölkələrdə hiss olunmaqdadır.
Dəstək çərçivəsində əsas diqqət İraq, İordaniya və Livan kimi birbaşa təsirlənən ölkələrə yönəldiləcək. Eyni zamanda, Misir, Türkiyə, Azərbaycan və Ermənistan kimi region ölkələri də proqramdan faydalanacaq.
Proqramın iki mərhələdə icrası nəzərdə tutulur. Birinci mərhələdə iqtisadi fəallığın qorunması, maliyyə sektorunun sabitliyinin təmin edilməsi və əsas xidmətlərin fasiləsiz fəaliyyəti prioritet olacaq. İkinci mərhələdə isə zərər görmüş iqtisadiyyatların dayanıqlı bərpası və uzunmüddətli inkişafı üçün zəmin yaradılacaq.
AYİB-in əsas hədəfləri arasında enerji təhlükəsizliyinin gücləndirilməsi, dövlət müəssisələrinə dəstək, ərzaq və logistika sahələrinin inkişafı, eləcə də özəl sektorda fəaliyyət göstərən şirkətlər üçün dövriyyə kapitalına çıxışın artırılması yer alır.