Azərbaycan Mərkəzi Bankı ölkə üzrə inflyasiya proqnozunu yeniləyib və riskləri qiymətləndirib

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi aşağı düşmüşdür. Rəsmi statistikaya görə may ayında 0.5%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 2.9% təşkil etmişdir.

Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 5.7%, qeyri-ərzaq məhsulları üzrə 1.4% və xidmətlər üzrə 0.4% təşkil etmişdir. Pandemiyanın yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca dezinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasının azalmasına əlavə olaraq kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması və dünya ərzaq qiymətlərində enişin davam etməsi (2020-ci ilin 5 ayında -10.5%) də təsir göstərir.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin son ayda azaldığını göstərir. May ayında aparılmış sorğunun nəticələrinə görə inflyasiya gözləntiləri əvvəlki aya nəzərən qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə azalmışdır.

İyun ayında yenilənmiş proqnozlara görə mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla 2020-ci ilin sonuna ən çox ehtimal olunan inflyasiya 3-3.5%-dir ki, bu da hədəf intervalı (4±2%) daxilindədir. İqtisadiyyatda gedən proseslərdən asılı olaraq proqnozlar ilin qalan dövründə müntəzəm yenilənəcəkdir.

İnflyasiyanın risklər balansı hazırda başlıca olaraq pandemiyanın qlobal iqtisadi aktivliyə və Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlıdır. Bu təsirlərin dərinliyi və davamlılığı ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Xarici mühitlə bağlı əsas risk neftin qiymətinin yenidən kəskin enişidir ki, bu da COVİD-19-a ikinci yoluxma dalğası, ABŞ-la Çin arasında iqtisadi-ticarət münasibətlərinin pisləşməsi və ayrı-ayrı ölkələrdə sosial-siyasi gərginliklərdən irəli gələ bilər. Yeni iqtisadi normallıqların yarandığı bu şəraitdə milli iqtisadiyyatın yenidən balanslaşmasına start verilmişdir. Yenidən balanslaşma xarici mühitdəki dəyişikliklərin daxili mühitə ötürülməsinin hamarlanmasına, iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi ilə makroiqtisadi və maliyyə sabitliyi arasında balansın qorunmasına imkan verməlidir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər, makroiqtisadi sabitlik hədəflərilə iqtisadi aktivliyin dəstəklənməsi prioritetlərinin uzlaşdırılması əsas götürüləcəkdir. Mərkəzi Bank bundan sonra da ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, inflyasiyanın elan edilmiş hədəf çərçivəsində saxlanılması üçün mandatına uyğun olaraq bütün mümkün tədbirləri görəcəkdir.

Bu qərar 19 iyun 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır