
2025-ci ilin yekununa görə Azərbaycanda təxminən 194 min unikal bank əmanətçisi qeydə alınıb. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 81,3% çoxdur.
BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, il ərzində müddətli depozitlərin artımı da sürətlənib. Belə ki, 2024-cü ildə artım 1,8 milyard manat təşkil etdiyi halda, 2025-ci ildə bu rəqəm 2,3 milyard manata yüksəlib.
“Bu, bank sektoruna inamın güclənməsi və sektorun əhalini daha çox cəlb etməsinin göstəricisidir”, – deyə sədr qeyd edib.
T. Kazımov həmçinin Azərbaycanda əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib. O vurğulayıb ki, bu yanaşma AMB-nin təşəbbüsü və Əmanətlərin Sığortalanması Fondu ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.
“İstəyimiz şəffaf və hamının başa düşdüyü qayda formalaşdırmaq idi. Çünki əvvəllər sığortalanma faizinin niyə 12% olması sual doğururdu. Biz bunu qayda şəklinə saldıq ki, faiz dəyişirsə, bunun səbəbi hamıya aydın olsun”, – deyə AMB sədri əlavə edib.




