
Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarların bank xərclərinin azaldılması məqsədilə beynəlxalq ödəniş şirkətləri ilə danışıqlar aparır.
BBN.az xəbər verir ki, bu barədə AMB İdarə Heyətinin sədri Taleh Kazımov “vergiler.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bank xidmətlərinin baha olmasının əsas səbəblərindən biri Visa və Mastercard tərəfindən tətbiq edilən xidmət haqlarıdır.
“Analizlər göstərir ki, nağd ödənişlərin həcminin yüksək olmasının bank sektorundan qaynaqlanan əsas səbəbi bu şirkətlərin tarif siyasətidir. Tətbiq olunan yüksək xidmət haqları xüsusilə iri sahibkarlar üçün ciddi xərclər yaradır. Bu səbəbdən QR ödənişlər və Ani Ödəniş Sisteminin imkanlarını genişləndiririk. Eyni zamanda, beynəlxalq ödəniş şirkətləri ilə birbaşa müzakirələr aparıram”, – deyə sədr qeyd edib.
QR ödənişlər və Ani Ödəniş Sistemi genişlənəcək
AMB rəhbəri bildirib ki, hazırda məsləhətçilər səviyyəsində nağd pul dövriyyəsinin səbəbləri təhlil edilir. Layihənin nəticələrinə əsasən konkret islahatlar həyata keçiriləcək.
Bu il ərzində QR ödənişlərin tətbiqinin daha da genişləndirilməsi planlaşdırılır. Bu addım sahibkarlar üçün nağdsız ödənişlərin qəbulunda xərclərin azalmasına, banklarda isə kart ödənişləri üzrə daha çox “cashback” imkanlarının yaranmasına şərait yaradacaq.
Bundan əlavə, ölkədaxili xırda ödənişlərin Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Buraya “card to card” əməliyyatları, fiziki şəxslər arasında köçürmələr və hüquqi şəxslərin xırda ödənişləri daxildir.
Nağdsız ödənişlərdə artım
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında ölkədaxili nağdsız əməliyyatların həcmi 25,6% artıb. Kartlarla əməliyyatlar 7,1%, elektron ticarət əməliyyatlarının həcmi isə 30% yüksəlib.
AMB hesab edir ki, həyata keçiriləcək islahatlar nəticəsində nağdsız ödənişlərin payı daha da artacaq və sahibkarların xərcləri azalacaq.





