
Azərbaycan ilə beynəlxalq kart təşkilatı Mastercard arasında maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) açıqlama yayıb.
Məlumata əsasən, AMB-nin sədri Taleh Kazımov “Mastercard”ın sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş çərçivəsində ölkədə maliyyə inklüzivliyinin artırılması, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi, eləcə də ödəniş sistemlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin mövcud əməkdaşlıq səviyyəsindən məmnunluqlarını ifadə edib, 2026–2029-cu illəri əhatə edən strateji əməkdaşlıq istiqamətləri üzrə gələcək planları müzakirə ediblər.







