
Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilib. BBN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.
Qanunlara əlavə edilən yeni maddəyə əsasən, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı, habelə hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərdən, həmçinin şəhid ailəsi statusu almış şəxslərdən müəyyən xidmət və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmayacaq.
Məlumata görə, dövlət rüsumundan azadolma daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı reyestrdən çıxarışın verilməsi, texniki sənədlərin (pasport və plan-ölçü) təqdim edilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin aparılması, əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi, ipotekanın dövlət qeydiyyatına alınması və daşınmaz əmlaka dair digər hüquqi hərəkətləri əhatə edir.




