Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağı (RTQ) BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Taylandın paytaxtı Banqkok şəhərində keçirilən transsərhəd sənədsiz ticarətin sadələşdirilməsi üzrə iclasında təqdim olunub. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının müqaviləsinə əsasən Asiya və Sakit Okean regionunda transsərhəd sənədsiz ticarətin sadələşdirilməsi üzrə Çərçivə Sazişinin qəbul edilməsi bölgəyə ticarət prosedurlarının rəqəmsallaşdırılması vasitəsilə bu sahədə tərəqqinin sürətlənməsinə imkan verir.

BMT-nin iclası zamanı Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun üzvü,  B.EST Solutions şirkətinin direktoru və təsisçisi, işçi qrupunun üzvü Jana Krimpe RTQ layihəsinin ən yaxşı təcrübələrdən biri kimi reallaşdırılması haqqında məruzə edib. Y Krimpe bu layihənin təkcə regionda deyil, qlobal səviyyədə əhəmiyyətini vurğulayıb və son bir ildə əldə edilən nəticələr və RTQ portalının istifadəyə verilməsi barədə işçi qrupların üzvlərinə məlumat verib. O, həmçinin Rəqəmsal Ticarət Qovşağının inkişafının Azərbaycanın bölgədəki rəqəmsal ticarət mərkəzi kimi mövqeyini daim gücləndirəcəyini, sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyaların istifadəsini genişləndirəcəyini, mövcud xidmətlərin rəqəmsallaşdırılacağını və elektron xidmətlərə çıxışını sürətləndirmək üçün innovativ səylər göstərəcəyini qeyd edib.

Yana Krimpe həm də ticarət prosedurlarının sadələşdirilməsi, kağızsız ticarət və hərtərəfli inkişaf haqqında Azərbaycanda dövlət və özəl qurumları ilə birlikdə görülən böyük işləri təqdim edib.  O BMT-nin rəqəmsal və davamlı ticarət prosedurlarının sadələşdirilməsinə dair son hesabatına əsaslanaraq Azərbaycana dair müsbət rəqəmlərin olduğunu bildirib: “Azərbaycan, çox yüksək tətbiqetmə göstəricilərinə nail olur. Bu rəqəm  80%-dən çoxdur. Region üzrə orta göstəricilər ilə müqayisədə Qazaxıstan və Özbəkistanda tətbiqetmə göstəriciləri müvafiq olaraq 67% və 62% -dir. Biz ən yaxşı təcrübəmizi bölüşmək və dünya üzrə kağızsız ticarətdə ən yaxşı nəticələrə nail olmaq istərdik.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır