“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarına əsasən, İdarə Heyətinin üzvü Günel Nəbiyeva Nizami qızı Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
O, bu vəzifədə Tural Həsənov Nurəddin oğlunu əvəz edib. Qeyd edək ki, T.Həsənov indiyədək sözügedən vəzifənin müvəqqəti icraçısı olub. O, bundan sonra Bankın İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısı kimi fəaliyyətini davam etdirəcək.
Günel Nəbiyeva 2020-ci ildən **Azərbaycan İnvestisiya Holdinqi**ndə rəhbər vəzifələrdə çalışır. O, bank sektorunda 15 ildən artıq peşəkar təcrübəyə malikdir. 2006-cı ildən etibarən Unibank ASC-də, eləcə də **Maliyyə Bazarlarına Nəzarət Palatası**nda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
2022–2025-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının üzvü olub, 2025-ci ilin dekabr ayından isə Bankın İdarə Heyətinin üzvü kimi çalışır. Eyni zamanda Bakı Metropoliteni QSC və BakuBus MMC-nin müşahidə şuralarında təmsil olunub.
G.Nəbiyeva 2005-ci ildə **Bakı Dövlət Universiteti**nin Hüquq fakültəsində bakalavr, 2008-ci ildə isə magistr pilləsi üzrə ali təhsilini başa vurub.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51 %-i SOCAR-a ötürülüb. Hazırda Bankın nizamnamə kapitalının 75 %-i dövlətə (51 %-i SOCAR-da olmaqla), 6,55 %-i AzRe Təkrarsığorta ASC-yə, 5 %-i Qala Həyat Sığorta Şirkəti ASC-yə, 12,37 %-i T.C. Ziraat Bankası AŞ-yə və 1,08 %-i Ziraat Bank International AG-yə məxsusdur.
Qeyd edilib ki, səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbulu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilir.





