
Azərbaycan bazarı ABŞ şirkətləri üçün yüksək investisiya potensialına malikdir.
Bunu ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycana iri şirkətləri təmsil edən geniş tərkibli nümayəndə heyəti gəlib. Heyətdə enerji, telekommunikasiya və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər yer alır.
K.Çoksi bildirib ki, nümayəndə heyəti iqtisadiyyatın demək olar ki, bütün istiqamələrini əhatə edən 31-dən artıq şirkətin 60-dan çox nümayəndəsindən ibarətdir.
O qeyd edib ki, Bakıda keçirilən əvvəlki görüşlər və müzakirələr kifayət qədər səmərəli olub. ABŞ Ticarət Palatasının rəsmisi bugünkü proqram çərçivəsində də müsbət nəticələrin əldə olunacağını gözlədiklərini vurğulayıb.





