
2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsi qarşısında öhdəliyinin bir hissəsini ABŞ dolları ilə yerinə yetirib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu addımın əsas səbəbi AMB tərəfindən keçirilən valyuta hərraclarında tələbin aşağı olmasıdır:
“Xarici valyutada olan vəsaitin bir hissəsi Maliyyə Nazirliyinə manata çevrilmədən transfer olunub. Növbəti aylarda tələb yaranarsa, həmin vəsait valyuta bazarında istifadə ediləcək. Əhali isə daha çox valyuta satıb, nəinki alıb. Transfer məbləğini nəzərə alsaq, təxminən 400-450 milyon dollar az satılıb. Çünki tələb yoxdur”, – deyə o bildirib.
T. Kazımov qeyd edib ki, yanvar ayında da valyuta bazarında xüsusi artım müşahidə olunmayıb. Təxminən 300-350 milyon dollar satış həyata keçirilib. Halbuki plana əsasən 700 milyon dollara yaxın valyuta satışı nəzərdə tutulurdu.
AMB sədri əlavə edib ki, nağd əməliyyatlar da təhlil edilir və yanvar ayında son 3-4 ilin ən aşağı göstəricisi qeydə alınıb. Belə ki, 18 milyon ABŞ dolları mənfi saldo formalaşıb. Yəni, əhali aldıqlarından 18 milyon dollar çox valyuta satıb.
Onun sözlərinə görə, hazırda valyuta bazarında sabitlik mövcuddur və hər hansı risk müşahidə edilmir.





