
Mənbə: Mərkəzi Bank
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak məqsədilə Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub.
Forum çərçivəsində Taleh Kazımov “Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr” mövzusunda çıxış edib. O, ödəniş sistemlərinin müasir iqtisadiyyatın əsas sütunlarından biri olduğunu vurğulayaraq, transsərhəd ödənişlərin sürətli, şəffaf və əlçatan olması üçün rəqəmsal infrastrukturun gücləndirilməsi, sistemlər arasında qarşılıqlı əlaqənin qurulması və beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.
AMB sədri həmçinin “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində milli ödəniş sisteminin təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və təhlükəsiz ödəniş xidmətlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, OIC-COMCEC çərçivəsində mərkəzi bankların toplantıları 2009-cu ildən etibarən İstanbulda keçirilir və üzv ölkələrin mərkəzi bankları arasında əməkdaşlığın gücləndirilməsi, monetar və maliyyə məsələlərinin müzakirəsi üçün mühüm platforma hesab olunur.







