

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə və Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fintex Assosiasiyası (AzFina) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBIA) təşkilatçılığı ilə “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirilir.
Forum iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, eləcə də, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanlarının, maliyyə sektorundakı qanunvericilik və tənzimləmələrin təkmilləşdirilməsinin, bu əsasda ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışların müzakirə edildiyi platforma olmaq məqsədi daşıyır.
Forumda çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən faiz dəhlizinin endirilməsinə toxunaraq bildirmişdir ki, 2024-cü ildə təminatsız banklararası bazarın həcmi 101 mlrd. manatı aşdığını və nəticədə istinad faiz dərəcəsi də uçot faizi həddi civarında olduğunu qeyd etmişdir.
Çıxışının davamında ABA-nın rəhbəri, kəmiyyət və keyfiyyət göstəricilərinə toxunaraq maliyyə-bank sektorunun müxtəlif statistik rəqəmlərini açıqlamışdır. Belə ki, bankların aktivlərinin həcmi 2024-cü ilin sonuna 53 mlrd. manat təşkil etmişdir ki, bu da 2023-cü illə müqayisədə 7.8% çoxdur. Kredit portfelindəki artım isə bu tempi 2.4 dəfə ötərək 18.5% təşkil etmiş və ümumilikdə portfelin həcmi 27.5 mlrd. manat səviyyəsinə yüksəlmişdir. O cümlədən, biznes kreditləri 17.2%-lik artımla 14.8 mlrd. manat həcminə çatmışdır. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki artımı da üstələyərək 18.7% həcmində olduğunu vurğulamışdır. Ölkə əhalisinin banklara olan inam göstəricisi sayılan fiziki şəxslərin depozitlərinin həcmi 13.6% artaraq, 14.3 mlrd. manat səviyyəsinə çatmışdır.
Kəmiyyət və keyfiyyət göstəriciləri ilə yananşı, ötən il ərzində tənzimləyici çərçivədə də ciddi dəyişikliklər müşahidə edilmişdir. Hesabat ilində bank sektorunda tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması üzrə requlyativ tələblər gücləndirilmiş, əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması məqsədilə ölkədə agent bankçılıq modelinin tətbiqi, habelə istehlak krediti götürən fiziki şəxslərin həyat sığortası risklərinin azaldılması üçün tənzimləmə tələbləri müəyyən edilmişdir.
Bundan başqa, korporativ idarəetmə funksiyasının gücləndirilməsinə toxunaraq Zakir Nuriyev bildirmişdir ki, istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq “Banklarda korporativ idarəetmə Standartları”na bankların Müşahidə Şurasının müstəqil üzvlərinə dair əlavə meyarları, habelə bankın komitələrinin tərkibinin formalaşdırılması ilə bağlı yeni tələbləri əhatə edən növbəti dəyişikliklər paketi, habelə bu sahədə gələcək islahatları əhatə edən Korporativ İdarəetmə Standartları üzrə Metodoloji Tövsiyələr qəbul edilmişdir.
ABA-nın prezidenti, ölkədə qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsinin nəticəsi kimi, rəqəmsal ödəniş ekosisteminin daha da inkişaf etdirilməsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının və ekosistem iştirakçılarının birgə fəaliyyəti 2024-cü ildə uğurla davam etdirildiyini bildirmişdir.
ABA-nın prezidenti Assosiasiyanın fəaliyyətinin yaxın illərdə prioritet istiqamətlərinə də toxunmuşdur. Belə ki, ABA-nın nəzdində fəaliyyət gostərən “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” tərəfindən hazırlanan Ətraf mühit, sosial və idarəetmə (ESG) Strategiyası olmuşdur. ABA-nın başçısı bildirmişdir ki, bu Strategiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd – Dayanıqlı maliyyə imkanlarının, ESG məlumatlılığının artırılması, ESG imkanlarının təkmilləşdirilməsi üzrə 10 təşəbbüsün icrasını nəzərdə tutulduğunu xüsusi vurğulamışdır.
Forum öz işini, müxtəlif panellərdə maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələrinin iştirakı ilə ölkəmizdə maliyyə sektorunun inkişafı, xüsusilə də maliyyə vasitəçiliyi və inklüzivliyinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi, habelə rəqəmsal maliyyə xidmətlərinin artırılması üzrə nailiyyətlərin və qarşıda duran prioritetlərin müzakirəsi istiqamətində davam etdirir.