
Doha şəhərində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, iş adamları arasında əməkdaşlığın inkişafı və Şuranın fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətərin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Məhəmməd Əl Sayed, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qətər Ticarət və Sənaye Palatasının sədrinin birinci müavini Məhəmməd bin Əhməd bin Tvar, Azərbaycan-Qətər Birgə Biznes Şurasının həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Məhəmməd bin Cövher Al Məhəmməd çıxış ediblər.
Tədbirdə Azərbaycan-Qətər iqtisadi-ticarət əlaqələri, əməkdaşlığın genişləndirilməsi perspektivləri, işgüzar dairələrin iştirakı ilə birgə layihələrin və təşəbbüslərin reallaşdırılması imkanları müzakirə edilib. Birgə Biznes Şurasının investisiya layihələrinin reallaşdırılması, eləcə də KOB subyektləri arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün səmərəli platforma olacağına inam ifadə edilib. Yeni tərəfdaşlıq istiqamətləri və Biznes Şurasının qarşıdakı dövrdə fəaliyyət istiqamətləri müzakirə edilib.
İclas çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu, Qətərin İnvestisiyaların Təşviqi Agentliyi və “Qətər Turizm” tərəfindən müvafiq olaraq Azərbaycanın və Qətərin biznes və investisiya imkanlarına, Ələt Azad İqtisadi Zonasının fəaliyyətinə dair təqdimatlar edilib.
Biznes Şurasının iclasında hər iki ölkədən 50-yə yaxın iş adamı iştirak edib. Azərbaycan və Qətər iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat veriblər və işbirliyi imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində iş adamları arasında “B2B” formatda görüşlər keçirilib.





