
Mərkəzi Bankın pul-kredit siyasəti ölkədə qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın idarə olunmasına və maliyyə sabitliyinin qorunmasına xidmət edir.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı SİA-nın sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, Mərkəzi Bankın əsas mandatı qiymət sabitliyinin təmin edilməsidir və həyata keçirilən pul siyasəti inflyasiyanın 4±2% hədəf diapazonunda saxlanılmasına, eləcə də inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.
Pul siyasəti real sektora necə təsir edir?
Mərkəzi Bank sərəncamında olan alətlər vasitəsilə pul kütləsinə, valyuta məzənnəsinə və faiz dərəcələrinə təsir göstərir. Uçot dərəcəsinin dəyişdirilməsi əvvəlcə pul bazarında qısamüddətli faizlərə, daha sonra isə uzunmüddətli faiz dərəcələrinə ötürülür.
Bu mexanizm ev təsərrüfatlarının və biznes subyektlərinin istehlak və investisiya qərarlarına, nəticə etibarilə isə məcmu tələbə təsir göstərir. Eyni zamanda pul siyasəti qərarları inflyasiya gözləntilərinin sabitləşməsinə də xidmət edir.
İkitərəfli məzənnə nominal effektiv məzənnə vasitəsilə idxal qiymətlərinə, oradan isə daxili qiymətlərə təsir göstərir.
Aşağı inflyasiya nə qazandırır?
Mərkəzi Bank vurğulayıb ki, aşağı inflyasiya istehlakçılar və biznes üçün daha əlverişli iqtisadi mühit formalaşdırır. Qiymət sabitliyi sahibkarlara və ev təsərrüfatlarına uzunmüddətli planlaşdırma imkanı yaradır.
Stabil və aşağı inflyasiya:
-
milli valyutanın alıcılıq qabiliyyətini qoruyur;
-
gəlirlərin və yığımların dəyərsizləşməsinin qarşısını alır;
-
milli valyutada uzunmüddətli yığımları stimullaşdırır;
-
dollarlaşmanı və faiz dərəcələrini azaldır.
Bu amillər iqtisadi artıma, maliyyə sabitliyinə və əhalinin rifahına müsbət təsir göstərir.
Pul siyasətində islahatlar
Mərkəzi Bank tərəfindən 2022-ci ilin ikinci yarısından etibarən pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və faiz kanalının gücləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib.
Yeni pul siyasəti alətləri – daimi imkan alətləri və açıq bazar əməliyyatları tətbiq olunub, banklararası pul bazarının effektiv fəaliyyəti üçün infrastruktur formalaşdırılıb və banklararası təminatsız bazarda qısamüddətli istinad faizinin – AZIR – formalaşmasına nail olunub.
Hazırda qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində və uçot faiz dərəcəsinə yaxın səviyyədə idarə olunur.
2025-ci ildə banklararası bazarda gedən proseslərin təhlili və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanma qaydaları daha da təkmilləşdirilib. Bu dəyişikliklər indeksin fasiləsiz dərc olunmasına və bazar iştirakçıları tərəfindən istinad dərəcəsi kimi davamlı istifadəsinə imkan yaradır.





