

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib:
“Hörmətli Zakir müəllim,
Azərbaycan Banklar Assosiasiyasının 35 illik yubileyi münasibətilə Sizi və Assosiasiyanın bütün əməkdaşlarını şəxsən və Mərkəzi Bankın kollektivi adından səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Assosiasiyanın maliyyə sektoru və bankçılıq sahəsindəki əvəzsiz xidmətlərini, həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələri xüsusilə vurğulamaq istəyirəm.
Artıq 35 illik tarixə imzasını atan Azərbaycan Banklar Assosiasiyası ölkəmizdə bank sektorunun inkişafı, maliyyə resurslarına əlçatanlığın artırılması, eləcə də əlverişli biznes mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. Assosiasiya üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformaya çevrilib.
Əminəm ki, Azərbaycan Banklar Assosiasiyasının fəaliyyəti bundan sonra da maliyyə sektorunun qarşısında duran mühüm vəzifələrin uğurla həyata keçirilməsinə və sektorun dayanıqlı inkişafının təmin olunmasına xidmət edəcək.
Bir daha Sizə və rəhbərlik etdiyiniz kollektivə ən xoş arzularımı yetirir, fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.
Hörmətlə,
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Taleh Kazımov”