2026-cı ilin avqust ayında Azərbaycanda kompüter, mobil cihaz və planşetlər daxil olmaqla bütün platformalarda ən çox istifadə edilən brauzer “Chrome” olub. Onun bazar payı 80,48% təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə “StatCounter” agentliyinin son hesabatında bildirilib.
Məlumata görə, “Chrome”un bazar payı iyul ayı ilə müqayisədə 0,22 faiz bəndi azalıb, ötən ilin avqust ayı ilə müqayisədə isə 1,7 faiz bəndi artıb.
İkinci pillədə 7,45%-lik payla “Safari” qərarlaşıb. Onun göstəricisi aylıq müqayisədə 0,35 faiz bəndi artsa da, illik müqayisədə 2,03 faiz bəndi və ya 21,4% azalıb.
“Firefox” 4,82%-lik bazar payı ilə üçüncü olub. Brauzerin göstəricisi ay ərzində 0,11 faiz bəndi, illik müqayisədə isə 3,89 faiz bəndi artıb.
Dördüncü yerdə “Samsung Internet” qərarlaşıb. Onun bazar payı 3,67% təşkil edib. Bu göstərici aylıq müqayisədə 0,99 faiz bəndi azalsa da, illik müqayisədə 0,02 faiz bəndi yüksəlib.
İlk beşliyi 1,91%-lik payla “Edge” tamamlayıb. Brauzerin bazar payı ay ərzində 0,58 faiz bəndi artıb, illik müqayisədə isə 0,04 faiz bəndi azalıb.
Kompüterlərdə
Kompüterlər üzrə brauzer bazarında “Chrome” 83,13%-lik payla lider olub. Onu “Firefox” (8,71%), “Edge” (3,93%), “Samsung Internet” (1,72%) və “Opera” (1,11%) izləyib.
Mobil cihazlarda
Mobil cihazlarda da “Chrome” ilk sırada qərarlaşıb. Brauzerin bazar payı 78,03% olub. Növbəti yerləri “Safari” (13,51%), “Samsung Internet” (5,48%), “Firefox” (1,26%) və “Opera” (0,98%) tutub.
Planşetlərdə
Planşetlər üzrə də “Chrome” üstünlüyünü qoruyub və 82,81%-lik bazar payına sahib olub. “Safari” 8,36%, “Android” 3,5%, “Samsung Internet” 3,13%, “Yandex Browser” isə 0,35% göstərici ilə növbəti pillələrdə yer alıb.