2026-cı ilin avqust ayında Azərbaycanda kompüter, mobil cihaz və planşetlər üzrə sosial media platformaları arasında “YouTube” 29,27%-lik bazar payı ilə ilk sırada qərarlaşıb.
BBN.az xəbər verir ki, bu barədə “StatCounter” agentliyinin hesabatında bildirilib.
Məlumata görə, “YouTube”un bazar payı iyul ayı ilə müqayisədə 7,31 faiz bəndi azalıb. Bununla belə, ötən ilin avqust ayı ilə müqayisədə göstərici 19 faiz bəndi artıb. Platformanın bazar payı ardıcıl ikinci aydır azalır.
İkinci yerdə 27,65% payla “Facebook” qərarlaşıb. Platformanın göstəricisi aylıq müqayisədə 0,8 faiz bəndi, illik müqayisədə isə 3,11 faiz bəndi azalıb.
“Instagram” 13,62%-lik bazar payı ilə üçüncü olub. Platformanın göstəricisi ay ərzində 1,33 faiz bəndi artsa da, illik müqayisədə 29,08 faiz bəndi azalıb.
Dördüncü pillədə “X” sosial şəbəkəsi yer alıb. “X”in bazar payı avqust ayında 11,74% təşkil edib. Bu, aylıq müqayisədə 5,86 faiz bəndi, illik müqayisədə isə 4,54 faiz bəndi artım deməkdir.
İlk beşliyi 7,22%-lik bazar payı ilə “LinkedIn” tamamlayıb. Platformanın göstəricisi avqust ayında iyul ayı ilə müqayisədə 0,3 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,57 faiz bəndi azalıb.