Azərbaycanda bank və sığorta sektorlarının inteqrasiyasını gücləndirəcək “bancassurance” (bankdan asılı sığorta) modelinin tətbiqi üzrə yol xəritəsi müəyyən edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov AmCham tərəfindən Bakıda təşkil edilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda keçirilən tədbirdə məlumat verib.
AMB rəsmisi bildirib ki, artıq Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında rəhbərlik səviyyəsində işçi qrupu yaradılıb və “bancassurance” məhsullarının mərhələli tətbiqinə start verilib.
R.Tahirovun sözlərinə görə, model bütün tərəflər üçün faydalıdır:
-
Banklar üçün: əlavə komissiya gəlirləri, kredit risklərinin azalması və müştəri münasibətlərinin güclənməsi;
-
Sığorta şirkətləri üçün: daha geniş satış kanalları, yeni müştəri bazasına çıxış və aşağı satış xərcləri;
-
Müştərilər üçün: sığorta xidmətlərinə daha asan əlçatanlıq və məmnunluğun artması.
AMB beynəlxalq təcrübəni nəzərə alaraq “bancassurance” modelinin tətbiqini öz strateji prioritetləri sırasına daxil edib. Modelin kreditləşmənin genişlənməsinə, sığorta penetrasiyasının və maliyyə inklüzivliyinin artmasına pozitiv təsir göstərəcəyi gözlənilir.
Mənbə: Report.az