2026-cı ilin sonuna Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat olacağı gözlənilir. Bu, təsdiq edilmiş proqnozla müqayisədə 756 milyon manat və ya 2 % çoxdur.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilib.
Gözlənilən büdcə gəlirlərinin 17 milyard 85 milyon manatı və ya 43,4 %-i neft-qaz sektorunun, 22 milyard 280 milyon manatı və ya 56,6 %-i qeyri-neft-qaz sektorunun payına düşəcək. Təsdiq edilmiş göstərici ilə müqayisədə neft-qaz gəlirlərinin 650 milyon manat, qeyri-neft-qaz gəlirlərinin isə 106 milyon manat çox olacağı gözlənilir.
Büdcə gəlirlərinin əsas mənbələri belə olacaq:
- Vergi və rüsumlar – 17 milyard 760 milyon manat (45,1 %);
- Gömrük rüsumları və idxala görə vergilər – 6 milyard 762 milyon manat (17,2 %);
- ARDNF-dən transfert – 12 milyard 835 milyon manat (32,6 %);
- Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri – 1 milyard 21 milyon manat (2,6 %);
- Sair gəlirlər – 987 milyon manat (2,5 %).
Vergi və rüsumlar üzrə daxilolmaların 17 milyard 760 milyon manat olacağı gözlənilir ki, bu da təsdiq edilmiş göstəricidən 850 milyon manat və ya 5 % çoxdur. Bu vəsaitin 4 milyard 250 milyon manatı neft-qaz, 13 milyard 510 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşəcək.
Neft-qaz sektoru üzrə vergi daxilolmalarında SOCAR-ın ödəyəcəyi vergilərin 1 milyard 750 milyon manat, “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə podratçıların mənfəət vergisinin 500 milyon manat, “Şahdəniz” layihəsi üzrə podratçıların mənfəət vergisinin isə 2 milyard manat olacağı proqnozlaşdırılır.
Sənəddə bildirilir ki, Azərbaycan qazının bütün istiqamətlər üzrə 1 000 kubmetrinin orta satış qiyməti əvvəlki hesablamaya nisbətən 35 dollar artırılaraq 296 ABŞ dolları götürülüb. Bunun nəticəsində “Şahdəniz” layihəsi üzrə podratçıların mənfəət vergisi daxilolmalarının 400 milyon manat və ya 25 % artacağı gözlənilir.
Büdcə xərcləri 40,9 milyard manat olacaq
2026-cı ilin sonuna dövlət büdcəsinin xərclərinin 40 milyard 862,6 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, təsdiq edilmiş proqnozdan 2 % azdır.
Xərclərin strukturunda:
- Cari xərclər – 24 milyard 713,1 milyon manat (60,5 %);
- Əsaslı xərclər – 13 milyard 691,8 milyon manat (33,5 %);
- Dövlət borcuna xidmət xərcləri – 2 milyard 457,6 milyon manat (6 %).
Dövlət borcuna xidmət üçün ayrılacaq vəsaitin 1 milyard 400 milyon manatı xarici dövlət borcunun, 1 milyard 57,6 milyon manatı isə daxili dövlət borcunun ödənilməsinə yönəldiləcək.
Ən böyük xərc istiqamətlərindən biri müdafiə və milli təhlükəsizlik olacaq. Bu sahəyə 8 milyard 562,8 milyon manat, iqtisadi fəaliyyətə 7 milyard 699,5 milyon manat, təhsilə 4 milyard 880,1 milyon manat, sosial müdafiə və sosial təminata isə 4 milyard 824,2 milyon manat xərclənəcəyi gözlənilir.
Büdcə kəsiri 1,5 milyard manat olacaq
2026-cı ilin sonuna dövlət büdcəsinin kəsirinin 1 milyard 497,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Kəsirin maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitlərinin qalığı hesabına həyata keçiriləcək.
Gözlənilən büdcə kəsirinin ÜDM-ə nisbəti 1,1 % səviyyəsində qiymətləndirilir.
Bundan əlavə, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin əvvəlki 18,8 %-lik proqnoza qarşı ilin sonunda 17,5 % olacağı gözlənilir.