
Ötən il Azərbaycanda 10 dövlət şirkəti tərəfindən ixrac olunan qeyri-neft məhsullarının ümumi dəyəri artıb.
BBN.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2025-ci ildə dövlət şirkətlərinin qeyri-neft ixracı 1,112 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə (1,006 milyard ABŞ dolları) müqayisədə 105,9 milyon ABŞ dolları və ya 10,52% çoxdur.
Qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında 33,62% payla SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedə qərarlaşıb. Bununla belə, qurumun ixrac həcmi illik müqayisədə 8,76% azalaraq 373,9 milyon ABŞ dolları olub (2024-cü ildə 409,8 milyon ABŞ dolları).
Dövlət şirkətləri üzrə ixrac göstəriciləri aşağıdakı kimidir:
• “SOCAR Polymer” MMC – 255,6 milyon ABŞ dolları (illik 7,58% artım)
• “AzerGold” QSC – 225,7 milyon ABŞ dolları (35,07% artım)
• “Azəralüminium” MMC – 151,1 milyon ABŞ dolları (11,6% artım)
• SOCAR-ın Qaz İxrac İdarəsi – 61,7 milyon ABŞ dolları (2024-cü ildə ixrac olmayıb)
• “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC – 38,9 milyon ABŞ dolları (30,66% azalma)
• “SOCAR-Dalğıc” MMC – 1,9 milyon ABŞ dolları (2024-cü ildə ixrac olmayıb)
• “İstisu Mineral Su Zavodu” MMC – 1,7 milyon ABŞ dolları (2024-cü ildə ixrac olmayıb)
• “Azərbaycan Dəmir Yolları” QSC – 1,5 milyon ABŞ dolları (459,7% artım)
• “SOCAR-Cape” MMC – 0,731 milyon ABŞ dolları (30,54% artım)
Hesabat dövründə Azərbaycanın ümumi qeyri-neft ixracı da müsbət dinamika nümayiş etdirib. Belə ki, 2025-ci ildə qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard ABŞ dollarına çatıb.





